Mənim də beynimdə bu yaxınlarda belə qəribə suallar əmələ gəlib. Bunlar şəxslər və hadisələrlə bağlıdır. Mən sizə nəql edim, sizdə görün mən suallarımda haqlıyam, ya yox.
Məsələn o gün oxuyuram ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə noyabrın 28-30-da Ermənistanda keçiriləcək MDB ölkələri Konfessiyalararası Şuranın iclasında iştirak edəcək. Yəqin ki, orada Azərbaycan və Ermənistan dini liderlərinin görüşü keçiriləcək. Bəlkə də Qarabağ məsələsini də bu və ya digər mənada müzakirə edəcəklər.
Ümumiyyətlə il daxil olandan QMİ sədri işgüzar fəaliyyətlə məşğuldur. Yanvarda Dağıstan prezidenti ilə görüşmüşdü, bir neçə gün əvvəl isə cənab Allahşükür Paşazadə Nalçikdə dini məktəbin və məscidin təməlqoyma mərasimində iştirak etmişdi və s.
Şəxsən mən də belə təəssürat əmələ gəlir. QMİ sədri bütün məsələlərlə məşğuldur, təkcə hicab məsələsindən başqa. Demirəm, haa elədir. Sadəcə elə təəssürat yaranır insanda. Artıq 4 aya yaxındır ki, Azərbaycan məktəblərində hicablı şagirdləri məktəbə buraxılmır. Məsələ orasındadır ki, bunun üçün heç bir qanuni əsas da yoxdur. Bəs, məsələ niyə həll olmur? Hamı gözünü tikib QMİ -yə. Haqlıdırlar da.
Qafqaz Müsəlman İdarəsinin adından elə məlum olur ki, bu idarənin işi-güçü nə olmalıdır. Ancaq yas mərasimləri təşkil etmək üçünmü təşkil olunub bu qurum? Əlbəttə ki, yox.
Bir müddət əvvəl Hacı Allahşükür Paşazadə KİV-lərin birinə müsahibəsində bildirmişdi ki, məktəblərdə hicaba rəsmi qadağa yoxdur və ölkə prezidenti İlham Əliyev hər zaman inanclıların ehtiyaclarına diqqətlə yanaşıb.
Məndə növbəti bir daxili sual yaranır. Əgər ölkə başçısı bir şeyin olmasını qanunsuz sayırsa, onda o şey ölkədə niyə olur?
Məni düzgün başa düşün. Mən kiminsə qarasına, ağına danışmaq niyyətində deyiləm. Sadə bir vətəndaş kimi müşahidələrim nətiçəsində suallarım əmələ gəlir və o sualları verirəm.
QMİ sədri dünyanın müxtəlif yerlərində baş vermiş hadisələrə münasibət bildirir. Hərəkət edir. Bəs hicab? Hicab məsələsində QMİ niyə belə süstlük edir? İndi kimsə deyə bilər ki, yox, elə deyil. QMİ hicab məsələsində hər şeyi edir. Lap yaxşı tutaq ki, mən də inandım ki, bu belədir. Bəs, onda niyə QMİ 4 aya yaxındır ki, bir məsələni həll edə bilmir?
Mənim başa düşmədiyim nöqtələrdir bunlar. Bu gün məktəbə gedə bilməyən hicablı qızcığaz bəlkə də QMİ sədrinin nəvələri, nəticələri yaşındadır. Qızlarımımızın, nəvələrimizi, nəticələrimizin gözümüz qarşısında savadsızlaşmasına neçə imkan verə bilərik? Axı sabahın anası mütləq və mütləq elmli olmalıdır ki, yaxşı vətəndaş yetişdirsin.
Bir vətəndaş kimi fikirləşirəm ki, bəlkə də QMİ düşünüb daha effektiv addımlar atmalıdır hicab məsələsində.
Agadadaş Əkbəroğlu
/deyerler.org/
Комментариев нет:
Отправить комментарий